Məhkəmə qərarları adlı bölmə açılsa yaxşı olar, mən əlimdən gələni edərəm. Bəlkə məni administrator qoyasan foruma hə FUad ?

Nümunə: http://www.supremecourt.nakhchivan.az/q … ualc5.html
____________________________________________________________________

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
Q Ə R A R I


Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair





27 dekabr 2006-cı il                                                                         Bakı şəhəri



Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi-hakim)  ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorunun müavini – Hərbi Prokuror X.Vəliyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İ.Cəfərovun, Azərbaycan Respublikası Ali  Məhkəməsinin hakimi M.Ağazadənin və ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasının müdiri, professor F.Səməndərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya  icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsində nəzərdə tutulan uzanan və davam edən cinayətlər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim Ə.Sultanovun məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələrinin və ekspertin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ :

Azərbaycan Respublikası Prokurorluğunun sorğusunda göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 74.2-ci maddəsində uzanan və  davam  edən cinayətlərin ərazi aidiyyətindən bəhs olunması, bu cinayətlərə hansı cinayətlərin aid olmasının qanunvericilikdə dəqiq göstərilməməsi, müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmənin həmin cinayətlərə tətbiqinə dair konkret normaların müəyyən edilməməsi təcrübədə çətinliklərə səbəb olur.

Sorğuverən qeyd edilənləri nəzərə alaraq, CPM-in 74.2-ci maddəsində ifadə olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 75-ci maddəsinin şərh olunmasını xahiş edir.

Sorğuda həmçinin, göstərilir ki, təcrübədə keçmiş SSRİ Ali Məhkəməsi Plenumunun «Uzanan və davam edən cinayətlərə amnistiyanın və müddətlərin tətbiqi şərtləri barədə» 4 mart 1929-cu il tarixli qərarının tətbiqi anlaşılmazlıq yaradır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

CM-in vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Bu vəzifələri həyata keçirmək üçün CM cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in  2-ci maddəsi).

Belə tədbirlərdən biri də CM-in 75-ci maddəsində öz əksini tapmışdır. Həmin maddə cinayət məsuliyyətindən azad etmək üçün cinayətlərin təsnifatı üzrə müddətləri, onların hesablanmasını və digər məsələləri nəzərdə tutur.

CM-in 75-ci maddəsi müddətin keçməsi ilə bağlı şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün aşağıdakı müddətləri müəyyən edir:

-böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;

-az ağır cinayətn törədildiyi gündən yeddi il keçdikdə;

-ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;

-xüsusi ilə ağır cinayətin törədildiyi gündən on beş il keçdikdə (CM-in 75.1-75.1.4-cü maddələri).

CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.

Cinayət işinin başlanması üçün əsas cinayət əlamətlərinə işarə edən kifayət  qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işini başlamalıdır (CPM-in 46.3-cü maddəsi). Lakin cinayət təqibini istisna edən hallar mövcud olduqda, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə  müddətinin dayandırılması istisna edilməklə) cinayət təqibi və ya cinayət işi başlana bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata xitam verilməlidir (CPM-in 39-cu maddəsi). 

Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cinayət işinin başlanması rədd edilərkən və ya başlanmış cinayət işinin icraatına xitam verilərkən CPM-in  41.2-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır.     

Belə ki, həmin maddəyə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Bu halda cinayət təqibi üzrə icraat CPM ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır.

CPM-in 43.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi halda məhkəmə müdafiə tərəfinin razılığı ilə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır.

Bununla yanaşı, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq CPM-in 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcüd olmadıqda, məhkəmə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır (CPM-in 44.2.1-ci maddəsi).

Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni tətbiq etmək üçün həmçinin, CPM-in 39-cu maddəsində istisna hal kimi göstərilən CM-in 75.3-cü maddəsi ilə müəyyən edilən müddətin axımının dayanması mühüm əhəmiyyətə malikdir. Belə ki, sonuncu maddəyə müvafiq olaraq cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır.

CPM-in 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs  qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə CPM-in 277-ci maddəsinə müvafiq olaraq müstəntiqin  əsaslandırılmış qərarı ilə cinayət təqibi üzrə icraat dayandırılır və bu Məcəllənin 278-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin axtarışı ilə bağlı tədbirlərə başlanır. Cinayət işinin dayandırılması üçün səbəb olmuş hallar aradan qalxdıqda CPM-in 279-cu maddəsinə uyğun olaraq cinayət işi üzrə dayandırılmış icraat təzələnir. Bu məqamdan, yəni həmin şəxs  tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan müddətin axımı CM-in 75.3-cü maddəsinə müvafiq olaraq bərpa olunur.

Cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin tətbiqinə dair qanunvericinin öz mövqeyini aydın ifadə etməsinə baxmayaraq, CM-in 75-ci maddəsi ilə uzanan və davam edən cinayətlər üzrə müddətlərin hesablanması məsələsi öz həllini tapmamışdır.

Analoji norma ilə bəzi ölkələrin qanunvericisi (İsveçrə, İspaniya və sair) cinayət məsuliyyətinə cəlbetmə müddətlərini müəyyən edərkən uzanan və davam edən cinayətləri digər cinayətlərdən ayıraraq, onlar barəsində müddətlərin axımının başlanmasına dair xüsusi qaydaları əks etdirən müddəalar nəzərdə tutmuş, digərləri isə (Gürcüstan, Moldova və sair) bu cinayətlərin anlayışını verərək müddətlərin hesablanması ilə bağlı olan normanı onlara da aid etmişdir. Bir sıra başqa ölkələr, o cümlədən Avropa ölkələri də bu məsələni  oxşar qaydada həll etmişlər.

Göstərilənləri müqayisəli şəkildə təhlil edərkən aydın olur ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan və davam edən cinayətləri digər cinayətlərdən fərqləndirmir, onların anlayışını vermir və bu cinayətlər üzrə müddətin hesablanmasına dair xüsusi müddəalar nəzərdə tutmur.

CM-in 75.2-ci maddəsinin məzmunundan görünür ki, bu maddənin tələbləri həmin Məcəllənin xüsusi hissəsində göstərilən bütün cinayətlərə aiddir.

CPM-in 74.2-ci maddəsi ilə əlaqədar olaraq qeyd edilməlidir ki, bu norma uzanan və davam edən cinayətlərin törədilməsi ilə bağlı yalnız cinayət işlərinin ərazi üzrə məhkəmə aiddiyətinin müəyyənləşdirilməsi məsələsini həll edir və bu cinayətlərin anlayışına dair hər hansı müddəalar nəzərdə tutmur. Bu mənada uzanan və davam edən cinayətlərin ərazi üzrə  məhkəmə aiddiyətinin prosessual qaydada tənzimlənməsi CM-in 75-ci maddəsinin tətbiqinə təsir etmir.

Qəbul edilmiş ümumi fikrə görə uzanan cinayət əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Davam edən cinayət isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Belə bir nəzəri anlayışın mövcudluğu sözügedən cinayətlər üzrə  müddətlərin axımının bu cinayətlərin başlandığı deyil, bitdiyi andan hesablanmasına dair fikir ayrılığına səbəb olur.

Uzanan və davam cinayətlər institutu hüquqda tanınır. CPM-in 74.2-ci maddəsində bu cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır. Buna baxmayaraq uzanan və davam edən cinayətlərə dair müvafiq normaların CM-də nəzərdə tutulmaması bu cinayətlər üzrə müddətlərin hesablanmasında qeyri-müəyyənliyə gətirib çıxarır ki, bu da həmin cinayətlərlə bağlı müddətlərin axımının düzgün müəyyən edilməməsinə və məhkəmənin qanuna müvafiq qərar qəbul etməməsinə səbəb ola bilər. Bu isə, öz növbəsində bir sıra konstitusiya prinsiplərinə, o cümlədən Konstitusiyanın 60-cı maddəsində əksini tapan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına xələl gətirə bilər.

Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib  məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət  təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın  keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.

Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhi qanunverici tərəfindən normaya verdiyi məna ilə uzlaşmalı, belə şərh yalnız normada ifadə edilənləri aydınlaşdırmağa və dəqiqləşdirməyə xidmət etməlidir. Şərh qüvvədə olan normalara əlavə və dəyişiliklər etmir və edə bilməz. Bu mənada CM-in 75-ci maddəsinin mətni ilə mənası arasında açıq-aşkar fərq olmadığı üçün genişləndirici şərhi də yolverilməzdir.

Cinayət məsuliyyətindən azad etmə müddətlərinin hər hansı başqa qaydada hesablanmasının müəyyən olunması qanunvericinin müstəsna səlahiyyətindədir və bu məsələnin həlli Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid deyildir.

Belə ki, sorğuda qaldırılan məsələnin nizamlanması yalnız qanunvericilik qaydasında həmin cinayətlərin məna və məzmununu tam əhatə edən anlayışın verilməsi, habelə bü növ cinayətlərin başlanması və sona çatması anlarının müəyyənləşdirilməsi yolu ilə həll edilə bilər. Bu səlahiyyət isə Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikasının Milli Məclisinə verilib.

Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin, keçmiş SSRİ Ali Məhkəməsi Plenumunun qərarının tətbiqi ilə bağlı aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 3 may 1993-cü il tarixli qərarında göstərmişdir ki, 1 yanvar 1992-ci ildən etibarən keçid dövrü ərzində keçmiş SSRİ Ali Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikası ərazisində  hüquqi qüvvəsini saxlayır.

Azərbaycan Respublikası Konstitusiyasının Keçid müddəalarının 8-ci bəndinə əsasən, bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

Bu normaya müvafiq olaraq 1 sentyabr 2000-ci il tarixədək mövcud olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (bundan sonra - əvvəlki CM) Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmayan hissədə qüvvədə olmuşdur.

«Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla da bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 30 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən isə, 1 sentyabr 2000-ci il tarixdən yeni CM qüvvəyə minmiş, əvvəlki CM, habelə ona dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar qanunlar və digər normativ hüquqi aktlar qüvvədən düşmüşdür.

Keçmiş SSRİ Ali Məhkəməsi Plenumunun «Uzanan və davam edən cinayətlərə amnistiyanın və müddətlərin tətbiqi şərtləri barədə» 4 mart 1929-cu il tarixli qərarında verilən izahlar isə məhz əvvəlki CM-in  müddəaları ilə bağlı olduğundan və bu normalardan ayrılıqda tətbiq edilə bilmədiyindən, əvvəlki CM-in qüvvədən düşməsi ilə əlaqədar onun bəzi müddəalarının tətbiqinin izah olunmasına dair yuxarıda göstərilən qərar da  öz əhəmiyyətini itirmişdir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 75-ci maddəsinin cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bü növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür. Bununla əlaqədar yaranmış boşluğun aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinə zəruri qanunvericilik tənzimlənməsini həyata keçirmək tövsiyə olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A  A L D I :

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bü növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür.

2. Azərbaycan  Respublikasının Milli Məclisinə uzanan və davam edən cinayətlərin anlayışını, bü növ cinayətlərin başlanması və sona çatması anlarını müəyyənləşdirən müddəaların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə edilməsi tövsiyə olunsun.

3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədrlik  edən                                                                Fərhad Abdullayev